Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Ümumi
24.09.2026
09:16
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA


Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər.

Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsir göstərə bilər, həmçinin bu dəyişikliklərin əmək bazarına və işəgötürənlərin əməkhaqqı siyasətinə hansı təsirləri ola bilər?

.
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisində mərhələli şəkildə vergi dərəcələrinin tətbiqinə başlanılıb.

"Hazırda aylıq gəliri 2500 manatadək olan fiziki şəxslərin gəlirinə 3 faiz vergi tətbiq edilir. Növbəti ildən bu dərəcə 5 faiz, 2028-ci ildən isə 7 faiz olacaq. Əslində mərhələli vergitutmanın məqsədi biznesin bu prosesə əvvəlcədən hazırlaşmasına imkan yaratmaq və xüsusilə qeyri-rəsmi məşğulluğun yaranmasının qarşısını almaqdır. Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunarkən də məhz bu məsələni müzakirə etmiş və dəstəkləmişdik. Çünki mərhələli keçid biznesin prosesə uyğunlaşmasına imkan yaradır".

Deputat bildirib ki, növbəti ildən gəlir vergisinin dərəcəsində 2 faiz bəndi artım olacaq:

"Buna uyğun olaraq, biznesin dəstəklənməsi və digər xərclərin azaldılması istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var. Gələn ildən tətbiq ediləcək yeni vergi dərəcələri artıq ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Bu, xüsusilə özəl və qeyri-neft sektorunda gəlir vergisi üzrə mərhələli vergi dərəcələrinin tətbiqi deməkdir. 2028-ci ildə 7 faizlik dərəcənin tətbiqindən sonra isə bu proses başa çatacaq".